Ermənistan rəsmilərinin postmünaqişə dövründə bir-birinə zidd açıqlamalar vermələri, aparılan birbaşa danışıqların gedişində qeyri-ciddi, qəbuledilməz təkliflərlə çıxış etmələri, rəsmi İrəvanın sülh prosesi ilə bağlı qətiyyətli qərarlar verə bilməməsinin, siyasi iradə göstərə bilməməsinin göstəricisidir. Bu ölkənin Baş naziri Nikol Paşinyan bir tərəfdən özünü beynəlxalq ictimaiyyətə sülhün imzalanmasında maraqlı tərəf kimi göstərmək istəyir, digər tərəfdən Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirməklə, etimad quruculuğu prosesinə ciddi zərbə vurur.
Ermənistan baş naziri Nikol Paşinyanın “İrəvan dialoqu” forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər də məhz bu kontekstdə qeyri-müəyyənlik və suallar yaradıb. N.Paşinyanın ölkəmizi guya “erməni əsilli qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneə törətməkdə”, “yerli ermənilərə qarşı “etnik təmizləmə həyata keçirməkdə”, “hərbi əsirləri qaytarmamaqda” ittham etməsi rəsmi İrəvanın sülhün əldə edilməsində maraqlı olması barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Danışıqları müxtəlif iddia və bəhanələrlə uzadan rəsmi İrəvan ənənəvi riyakar siyasətini davam etdirərək, bunun məsuliyyətini yenə də Azərbaycanın üzərinə atmağa çalışır. Lokal antiterror tədbirlərindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəf qondarma “etnik təmizləmə” mövzusunu hər “fürsətdə” beynəlxalq tədbirlərin müzakirəsinə çıxarmağa çalışır. Lakin rəsmi Bakı Ermənistanın və onun havadarlarının bu iddialarının saxta olduğunu və reallığa əsaslanmadığını ötən dövrdə tam sübuta yetirib. Ermənistan Fransanın dəstəyi ilə saxta “etnik təmizləmə” mövzusunu bir neçə dəfə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarsa da, ölkəmizin əleyhinə hansısa qərarın qəbuluna nail olmayıb. Rəsmi Bakı beynəlxalq hüquq normalarına, konkret sübutlara, real görüntülərə əsaslanaraq rəsmi İrəvanın bu absurd iddialarının separatçılığa, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəldiyini bəyan edib.
Ölkəmizin lokal antiterror tədbirlərinə qədər və sonrakı aylarda Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində yürütdüyü səmimi siyasət, atdığı praktiki addımlar, eləcə də BMT missiyasının regiona səfərinin nəticələri fonunda dünya ictimaiyyəti Ermənistanın “etnik təmizləmə” iddialarının əsassızlığını qəbul edib.
Ermənistan Baş nazirinin “hərbi əsirlər” mövzusundakı ittihamları da reallıqdan tamamilə uzaqdır. Bununla rəsmi İrəvan separatçıların həbs olunmuş rəhbərlərini “siyasi məhbus” və “hərbi əsir” kimi qələmə verməyə, onlar üçün müdafiə rıçaqları qazanmağa çalışır. Halbuki, Birinci və İkinci Qarabağ müharibəsinin gedişində hərbi cinayətlər törətmiş şəxslərin barəsində cinayət işinin açılması, barələrində beynəlxalq axtarışın elan olunması, ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyətə cəlb olunmaları Azərbaycanın daxili işi, suveren hüququdur. Rəsmi Bakı Ermənistanın, eləcə də hansısa üçüncü ölkənin və beynəlxalq təşkilatın bu mövzudakı bəyanatlarının ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdi olduğunu qətiyyətlə bəyan edib.
Rəsmi İrəvan formalaşdırdığı və himayə etdiyi qanunsuz rejimə rəhbərlik edən şəxsləri müdafiə etməklə, əslində, onların müharibə cinayətlərinə bəraət qazandırmaq yolu tutur. Ötən müddətdə qondarma rejimin tör-töküntülərinin İrəvanda apardıqları məkrli kampaniya, habelə onların İrəvandakı ofisinin (“nümayəndəliyi”nin) fəaliyyətinə hələ də son qoyulmaması rəsmi İrəvanın sülh və etimad qurucuğu prosesində səmimi olmadığını göstərir. “Nümayəndəliyin” ləğv edilməməsi Ermənistan hakimiyyətinin daxildəki revanşist qüvvələrə loyal münasibətini, bəzi hallarda isə separatçılardan “siyasi alət” kimi istifadə etməyə çalışdığını göstərir. Rəsmi İrəvan separatçıların destruktiv fəaliyyətlərini yeni ampluada davam etdirmək cəhdlərinin doğura biləcəyi təhdidləri anlasa da, buna son qoymaq istiqamətində hansısa hüquqi və siyasi tədbirlər görmür. İrəvanın bu “susqunluğu” separatçıları müxtəlif tədbirlər keçirməyə, ölkəmiz əleyhinə kampaniya aparmağa, “gündəmdə qalmağa” şirnikləndirir. Separatçıların bu il sentyabrın 2-də mətbuat konfransı keçirmələri və ölkəmiz əleyhinə absurd ittihamlar səsləndirmələri də deyilənlərin əyani təsdiqidir.