ERMƏNİSTAN HAKİMİYYƏTİ İCTİMAİ RƏYİ SÜLHƏ HAZIRLAMAĞA ÇALIŞIR

Ötən ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra rəsmi Bakı regionda formalaşmış yeni geosiyasi reallıqların, Ermənistanla yekun sülh sazişinim imzalanması istiqamətindəki praktik addımların dünya ictimaiyyətinə çatdırılması istiqamətində kompleks iş aparır.

Azərbaycan qısa müddətdə haqlı və ədalətli yanaşmasını dünyanın fövqəlgüc dövlətlərinə və aparıcı təşkilatlarına qəbul etdirməyə nail olub. Bu baxımdan Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdəki çıxışlarının, mediaya müsahibələrinin, xarici səfərlərinin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Bunların nəticəsidir ki, Ermənistanın ötən bir ildə müəyyən revanşist bəyanatlarla, əsassız “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirmək cəhdləri iflasa uğrayıb. Rəsmi Bakı bu müddətdə İrəvanın təkcə informasiya savaşında deyil, hərbi müstəvidəki təxribatlarına tutarlı cavab verib.

Ermənistanın rəsmilərinin son açıqlamaları da göstərir ki, rəsmi İrəvan artıq Azərbaycanla yekun sülh sazişini imzalamaqdan başqa yol olmadığını anlayır. Qarabağdakı qanunsuz rejimin süqutundan sonra Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayınması, vəziyyəti gərginləşdirmək yolu seçməsi bu ölkənin daha sarsıdıcı zərbələr alması demək olardı və artıq bunu erməni cəmiyyəti də yaxşı başa düşür.

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, Ermənistanla aparılan danışıqlara da xüsusi toxunub, sülh müqaviləsinin mətninin təqribən 80 faizinin razılaşdırıldığını vurğulayıb: “Atıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Qarşı tərəf Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların bərpası istiqamətində aparılan işlərin sona çatdırılmasının qaçılmaz proses olduğunu da qəbul etmək məcburiyyətində qalıb. Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl bəyan edib ki, İrəvan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib.

Prosesin müsbət istiqamətində irəliləməsinə rəğmən, Ermənistanda müəyyən qüvvələr etnik-milli qarşıdurmaya xidmət edən zərərli düşüncələrdən hələ də xilas ola bilmirlər. Sentyabrın 2-də separatçıların tör-töküntülərinin mətbuat konfransı keçirərək ermənilərin “Beynəlxalq zəmanət altında Azərbaycana dönüşü” ilə bağlı sərsəm iddialar səsləndirmələri da bunun əyani təzahürüdür.

Ermənistan hakimiyyəti isə hazırda erməni cəmiyyətindəki revanşist meyilləri aradan qaldırmağa, real vəziyyətin qaçılmazlığını əks siyasi qüvvələrə aşılamağa, bir sözlə, erməni xalqını sülh prosesinə hazırlamağa yönəlib. Nikol Paçinyan hökuməti etiraf edilir ki, regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər.