İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev tərəfindən 2 mövzu üzrə keçirilib.
“Süni intellektin qara qutusunun açılması: izah edilə bilən süni intellektin axtarışı” adlı təlim sessiyasında N.Mehdiyev bu sahədə praktiki məsələlərə mane olan amillərdən və onların həlli yollarından danışıb, mahiyyətcə şərh edilə bilən modellərlə qara qutu modelləri arasında fərqi izah edib. İştirakçılar müxtəlif domenlərdə geniş tətbiq üçün vacib olan inam və şəffaflığın təşviqində “İzah edilə bilən süni intellekt”in əhəmiyyəti barədə məlumat alıblar.
“Güvən təməlinin qurulması: etibarlı süni intellekt prinsipləri” adlı ikinci təlim sessiyasında isə bu sahədə etimadın yaradılmasının əsasını təşkil edən əsas prinsiplər izah edilib, qlobal və yerli süni intellekt (AI) konsepsiyaları təhlil olunub. Təlimdə həmçinin süni intellektin izahında SHAP (SHapley Additive Explanations) modelinin müxtəlif kontekstlərdə tətbiqi araşdırılıb, etibarlı süni intellekt sistemlərinin qurulması üçün lazım olan nəzəri və praktiki alətlər sadalanıb.