Ermənistan getdikcə daha böyük sürətlə geosiyasi müstəvidə yeni qarşıdurma məkanına çevrilməkdədir. Ölkə hakimiyyətinin xarici siyasətdə yol verdiyi yanlışlıqlar, böyük dövlətlərlə və güclərlə münasibətdə buraxdığı səhvlər Ermənistan üçün çoxsaylı problemlər və gərginliklər vəd edir. Xüsusən də Rusiyanın Ermənistanla bağlı sərtləşməkdə olan ritorikasını bu ölkənin özündə də narahatlıqla qarşılayanların sayı son dövrlərdə böyük sürətlə artır.
İndi Ermənistanda belə bir fikir getdikcə daha çox yayılmağa başlayıb ki, Rusiya rəsmilərinin xəbərdarlıqları yaxın tezlikdə sözdən əmələ keçə bilər. Bu da Rusiyanın müttəfiqliyini Qərblə, xüsusən də Fransa və ABŞ-la əvəzləməyə çalışan Ermənistan üçün müsbət heç nə vəd etmir. Rəsmi Moskvanı daha çox narazı salan məqamlardan biri isə Ermənistanın Qərb hərbi dairələri ilə də yaxınlaşmasını intensivləşdirməsidir. Bu, Ermənistanın ABŞ-la birlikdə iyulun 15-24-dək olan müddətdə keçirəcəyi “The Eagle Partner 2024” adlı təlimləri fonunda özünü bir daha qabarıq formada büruzə verir.
Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova qeyd edib ki, bu hal Rusiya və Ermənistan arasında təhlükəsizlik bağlarına daha bir zərbə olacaq. Daha bir mühüm nüans odur ki, Ermənistan Qərblə hərbi sahədə də təmaslarını artırdığı bir vaxtda KTMT sıralarını tərk edə biləcəyi ilə bağlı yanaşmasının aktuallığını qoruduğunu da bildirir. Bunlar fonunda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yenidən diqqəti ona yönəldir ki, Qərbin Ermənistanla yaxınlaşması Moskvanın maraqlarına qarşı yönəlib. Rusiya təmsilçiləri açıq mətnlə onu da bildirirlər ki, Ermənistan Qərbə doğru bu şəkildə istiqamət alması davam etdirdikcə, ölkə öz təhlükəsizliyini daha böyük təhdid altında qoyur.
Nəzərə alınmalıdır ki, Ermənistan iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya əsasən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Onlar Ermənistanın dövlət büdcəsinin doldurulmasında mühüm rol oynayan əsas vergi ödəyiciləri sırasındadırlar. Ölkənin enerji, o cümlədən təbii qazla təminatında yenə həlledici rol Rusiyaya və bu ölkəyə aid şirkətlərə məxsusdur.
Rusiyadan Ermənistana hər il böyük miqdarda pullar köçürülür. Son iki il ərzində isə Rusiya Ermənistanın təkrar ixracında əsas idxalçıdır. Eyni zamanda Ermənistanda istehsal edilən bir çox məhsulların, xüsusən də kənd təsərrüfatı mallarının əsas ixrac bazarı yenə Rusiyadır. Bundan əlavə, Rusiya və Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvləri olduğundan, sonuncu təşkilatın verdiyi çoxsaylı iqtisadi imtiyazlardan faydalanır.
Ermənistan ərazisində Rusiya hərbi bazaları mövcuddur. Bütün bunlar Rusiyanın Ermənistana təsir imkanlarının yüksək olduğunu göstərir və Moskvanın bu gedişlə həmin vasitələrdən yararlanma ehtimalı artır. Bu da istənilən nəticə verməsə, Ermənistanın “Ukrayna ssenarisi” ilə üzləşə biləcəyinə dair Rusiya ekspert dairələrində, media vasitələrində artıq müəyyən müddətdir ki, müvafiq xəbərdarlıqlar edilir.
Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/geosiyasi-maraqlarin-toqqusdugu-erm%c9%99nistan-m%c9%99hv%c9%99-surukl%c9%99nir/