AZƏRBAYCAN-PAKİSTAN QARDAŞLIĞI İSLAM DÜNYASININ DAHA DA GÜCLƏNMƏSİNƏ RƏVAC VERİR

Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafında, qarşılıqlı əlaqələrin dərinləşməsində Prezident İlham Əliyevin bu qardaş ölkəyə dövlət səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər  fonunda yeni bir səhifə açılmaqdadır. Qardaş ölkədə Azərbaycana, onun liderinə göstərilən yüksək münasibət əslində, təəccüblü deyil, amma olduqca da qürurvericidir. Bu, məhz qardaşın, qardaşa münasibətidir.

Bəli, bu gün Azərbaycan və Pakistan qardaşlaşmış ölkələrdir. Bu, hər iki ölkənin liderlərinin, xalqlarının böyük uğurudur, onların sarsılmaz iradəsinin, birliyinin təzahürüdür. İndi bu birlik daha möhkəm özüllər üzərində bərqərar olmaqda, ən müxtəlif sahələri əhatə etməkdədir. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış yeni sənədlər, qarşıdakı dövrdə görüləcək işlərin “yol xəritəsi”nin müəyyən edilməsi də bunun təzahürüdür.

Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə özünün sürətli yüksəliş mərhələsini yaşayır. Bu istiqamətdə qarşılıqlı əməkdaşlıq hər iki ölkə üçün böyük üstünlüklər vəd edir. Ərazi bütövlüyü baxımından da ölkələrimizin biri-birinə dəstəyi hər zaman qəti və konkret şəkildə ifadə olunub. Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və bu məsələdə daim Pakistan siyasi dəstəyini göstərib. Ölkəmiz də Cəmmu və Kəşmir məsələsində Pakistana birmənalı dəstək nümayiş etdirir.

Azərbaycan və Pakistan mövcud potensialdan, iki ölkənin biri-birinə münasibətindən istifadə edərək, digər istiqamətlər üzrə də əməkdaşlığı yeni mərhələyə yüksəltməkdə qərarlıdırlar. Bu xüsusda Prezident İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib: “Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq”.

Təhlillər göstərir ki, iki ölkə arasında kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, startaplar, eləcə də turizm sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsi yeni vüsət alacaq. Daha bir vacib yeni istiqamət İslamabadın azərbaycanlı mütəxəssislər tərəfindən abadlaşdırılmasıdır. Bu prosesdə  Bakı nümunəsinin tətbiqi gözlənilir. Qeyd olunmalıdır ki, Azərbaycan və Pakistanın paytaxtları arıq qardaşlaşmış şəhərlərdir.

Mühüm nüanslardan biri də Azərbaycan və Pakistanın ikitərəfli formatla yanaşı, Türkiyənin də iştirakı ilə üçtərəfli formatda uğurlu əməkdaşlığıdır.  Bunun üçün müvafiq zəmin də yaradılıb.  Hesab olunur ki, Pakistan-Azərbaycan-Türkiyə platforması digər İslam ölkələrinin iştirakı ilə daha da genişlənə bilər. Beləliklə, Azərbaycan-Pakistan əlaqələri artıq bütün İslam dünyası üçün böyük önəm kəsb edir və müsəlman dünyasının daha güclü mövqe sahibinə çevrilməsinə gətirib çıxarır.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/az%c9%99rbaycan-pakistan-qardasligi-islam-dunyasinin-daha-da-gucl%c9%99nm%c9%99sin%c9%99-r%c9%99vac-verir/