Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir” sərlövhəli məqaləsi Commonspace nəşrində dərc edilib.

Müəllif 2024-cü ilin sentyabrında Çinin China Railway Container Transport Corporation (CRTC) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə qurduğu müəssisəyə qoşulması ilə bağlı məlumatları təhlil edərək bildirir ki, bu qərar Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığı dövrə təsadüf edir.

V. Hüseynov Gürcüstan, Azərbaycan və Qazaxıstanın daha çox Avropa və Çin şirkətlərinin bu nəqliyyat marşrutuna cəlb edilməsi üçün fəal iş apardığını, Qazaxıstanın hazırda Aktau və Kurıl dəniz limanlarının tranzit potensialının artırılmasına fokuslandığını və Avropa İttifaqının da bu səyləri dəstəklədiyini qeyd edir.

Müəllif, həmçinin Orta Dəhlizlə bağlı müxtəlif layihələrin uğurla icra edildiyi halda,  Cənubi Qafqazda regional bağlantıları gücləndirəcək Zəngəzur dəhlizinin reallaşmasının Ermənistanın mövqeyi və geosiyasi səbəblərdən dolayı dalana dirəndiyini diqqətə çatdırır.

Yekunda V. Hüseynov Zəngəzur dəhlizi ətrafında yaranmış cari vəziyyətin Cənubi Qafqazın geostrateji mövqeyinin ona verdiyi üstünlüklərdən tam faydalanmasına əngəl yaratdığını, bununla da Ermənistanın  regional layihələrdən təcridinin davam edəcəyini bildirib.

“Bu səbəbdən, Zəngəzur dəhlizinin açılmasının böyük geoiqtisadi əhəmiyyəti var”.

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.commonspace.eu/opinion/opinion-middle-corridor-gains-momentum-while-zangezur-corridor-remains-stalled