Vüsal Qasımlı Britaniya İslam Ticarət Assosiasiyasının rəhbərini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Britaniya İslam Ticarət Assosiasiyasının baş icraçı direktoru Valid Cahangiri qəbul edib.

Görüş zamanı V.Qasımlı bildirib ki, qlobal halal ərzaq bazarının dəyəri 2021-ci ildə 2 trilyon ABŞ dolları həcmində olub. 2027-ci ilə qədər bu göstəricinin 3,9 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. O vurğulayıb ki, “halal” iqtisadiyyat artıq təkcə qida sənayesi ilə məhdudlaşmır. İstehlakçı tələbi artdıqca, bu sahə turizm, əczaçılıq, kosmetika, sağlamlıq məhsulları, gigiyenik mallar, tibbi cihazlar, hətta logistika, marketinq, çap, elektron media, qablaşdırma, brendinq və maliyyələşdirmə kimi xidmət sektoru komponentlərini də əhatə edir. Təkcə turizm sektoru üzrə qlobal halal istehlak bazarı 2016-cı ildə 169 milyard dollar həcmində olub. 2022-ci ildə bu göstəricinin 283 milyard dollara yüksələcəyi gözlənilirdi və bu istiqamətdə artım dinamikası davam edir. Azərbaycanda da halal iqtisadiyyatın inkişaf etdirilməsi ilə həm investisiyaların cəlbi, həm də mal və xidmət ixracının artırılması mümkündür.

Britaniya İslam Ticarət Assosiasiyasının baş icraçı direktoru Valid Cahangir isə bildirib ki, Bakıda keçirilən “Azərbaycan Halal Biznes və Turizm Forumu” bu sahədə yeni imkanların yaradılmasında təkanverici rol oynayır. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Böyük Britaniya ilə Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə dəstək verə bilər.

Görüşdə həm də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə dünyanın 30-dan çox ölkəsinin 75-dən artıq aliminin iştirakı ilə yazılan “İslam ölkələrinin iqtisadi potensialı” kitabının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu kitab həm də “halal” iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

https://ereforms.gov.az/az/media/xeberler/vusal-qasimli-britaniya-islam-ticaret-assosiasiyasinin-rehberini-qebul-edib-1172