ERMƏNİSTANIN “SƏLİBÇİ XAÇI” TƏXRİBATI…

Səlibçi xaçı tarixi baxımdan xristianlığın yayılmasını ehtiva edən simvoldur. Bu simvolun Azərbaycanla sərhəddə nümayiş etdirilməsi Ermənistanın dini və mədəni fərqləri vurğulaması mənasına gəlir. Rəsmi İrəvan bununla əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda bu simvolla  qıcıq yaratmağa, qonşu ölkəni dini baxımdan təhdid etməyə çalışır. Bu cür simvolların sərhəddə nümayiş etdirilməsi Azərbaycan və Ermənistan arasında onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

Sərhəddə belə simvolik rəmzlərin nümayiş etdirilməsi regional gərginliyi, Ermənistanla Azərbaycan arasında eskolasiya risqini artıra bilər. Bu baxımdan səlibçi xaçlı bayrağın qaldırılması münasibətlərin normallaşması prosesində Ermənistan tərəfindən irəli sürülən yeni təxribat amili kimi qiymətləndirilməlidir.

Bayrağın belə bir simvolla sərhəddə qaldırılması Ermənistanın dini və mədəni kimliyini nümayiş etdirməklə yanaşı, qonşularına qarşı siyasi bir mesajdır. Bununla rəsmi İrəvan mövcud problemlərə dini don geyindirmək, aradakı anlaşılmazlıqları dini müstəviyə daşımaq niyyətini nümayiş etdirir. Digər tərəfdən bu addım Ermənistanın Azərbaycanın mədəni və dini dəyərlərinə hörmətsizliyi kimi qəbul oluna, iki ölkə arasında davam edən sülh prosesinə mane ola bilər.

Səlibçi xaçı ilə xristian kimliyini vurğulamağa çalışan Ermənistan bununla beynəlxalq ictimaiyyətin, xüsusilə də xristian Qərbin diqqətini cəlb etməyə cəhd edir. Bu simvolun nümayiş etdirilməsi ilə Ermənistan xristian dövlətləri ilə yaxınlaşma niyyətini ortaya qoyur, Azərbaycan və Türkiyə ilə münasibətlərdə öz dindaşlarından dəstək istəyir. Əslində isə bu addımı ilə regional balansı pozur, bölgə xalqları arasında təfriqə toxumu səpir, sivilizasiyalar arasında dini-mədəni müxtəlifliyə ciddi zərbə vurur.

Ermənistan bu addımla saxta tarixi keçmişini xatırlatmağa çalışır. Özünü Bizans və Avropa mədəniyyətinin bir parçası kimi görmək istəyir. Qarabağ münaqişəsi başlayandan buna din don geyindirməyə, özü haqqında “xristianlığın son qalası” kimi uydurma mif yaratmağa çalışan Ermənistan bu cür addımlarla köhnə ideologiyalardan əl çəkmədiyini, türk-müsəlman düşmənçiliyinə sadiq qaldığını göstərir, dövlət bayrağına səlibçi xaçını vurmaqla Türkiyə və Azərbaycanla tarixi düşmənçiliyini yenidən yada salır.