AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ REGİONDA TƏHLÜKƏSİZLİYİN ƏSAS TƏMİNATÇISIDIR

Müasir geosiyasi vəziyyət resurslar və bazarlar uğrunda kəskin mübarizə, habelə bir sıra dövlətlərin dünya siyasətinə güc faktorları vasitəsilə təsirlərini gücləndirməyə çalışması ilə xarakterizə olunur. Bu da öz növbəsində beynəlxalq münasibətlər sisteminin indi daha dinamik şəkildə transformasiyasına gətirib çıxarır. Belə vəziyyətdə hər bir dövlət öz təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq üçün silahlı qüvvələrinin döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa məcburdur.

Digər tərəfdən hərbi cəhətdən qüdrətli olmaq, yüksək hərbi potensial formalaşdırmaq hər bir dövlətin öz milli təhlükəsizliyini təmin etmək qabiliyyətini xarakterizə edən əsas məqamlardan biridir. Son illərdə silahlı münaqişələrin və irimiqyaslı terror aktlarının sayının artması, mütəşəkkil cinayətkarlığın güclənməsi də silahlı qüvvələrin daim yüksək hazırlıq səviyyəsində olmasını tələb edir. Bütün bunlar ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra da Azərbaycanın Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin, maddi-texniki təminat səviyyəsinin davamlı şəkildə yüksəldilməsini xüsusi diqqət mərkəzində saxlamasının səbəblərini izah etməyə imkan verir.

Nəzərə alınmalıdır ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, ümumən isə Xəzər hövzəsi tarixən olduğu kimi bu gün də böyük güclərin xüsusi diqqət mərkəzində yer alır. Onlar burada ən müxtəlif vasitələrlə öz maraqlarını təmin etməyə çalışırlar. Bu vəziyyətdə müstəqil beynəlxalq subyekt kimi varlığını qorumaq, milli maraqlarını təmin etmək üçün güclü ordunun, silahlı qüvvələrinin digər növlərinin olması da vacib şərtdir. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir. Faktdır ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizə düşmən münasibət bəsləyənlər, o cümlədən Ermənistan üçün əsas çəkindirici rol oynayır.

Bundan əlavə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, Ermənistanı məğlubiyyətə uğratdıqdan sonra keçən müddət ərzində hələ də iki ölkə arasında sülh razılaşması əldə olunmayıb. Həmçinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddiaları davam edir və bu, sözügedən ölkənin konstitusiyasında təsbit olunub. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Ermənistan sülh prosesinin məntiqi nəticəsinə çatması üçün əsas maneəni, yəni ölkəmizə qarşı konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmağa tələsmir. Məhz belə bir vəziyyətdə üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə dəstək verilməsi sülh prosesinə, regional sabitliyə böyük təhdid yaradır. Azərbaycan regionun lider ölkəsi olaraq, bütün bu prosesləri əvvəlcədən nəzərə alır, müvafiq preventiv tədbirlərini görür. Bura ölkənin Silahlı Qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində olması da daxildir.

Azərbaycanın iqtisadi qüdrəti, malik olduğu imkanlar silahlı qüvvələrin təminatının ən yüksək səviyyədə təmin edilməsinə imkan verir. Bu və digər tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti və təminat baxımından yenə dünyanın aparıcı dövlətləri ilə eyni cərgədə yer almasını şərtləndirir. Nəticədə silahlı qüvvələr ölkəmizə qarşı düşmən mövqedə olanlar, məkrli niyyətlər güdənlər qarşısında əsas çəkindirici faktor kimi qalmaqda davam edəcək.
O da xüsusi qeyd edilməlidir ki, yüksək səviyyədə döyüş hazırlığına malik silahlı qüvvələrə malik olmasına rəğmən, Azərbaycanın siyasətində sülh və əməkdaşlıq daim ön planda gəlir. Elə bu səbəbdəndir ki, təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğratdıqdan dərhal sonra Azərbaycan bu ölkəyə sülh əlini uzatdı. Əgər erməni tərəfi əks mövqedən çıxış edərək, düşmənçiliyi davam etdirməkdə israrlı olarsa, onda qüdrətli Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə bir daha öz sözünü deməyə hazırdır.