SON İLLƏRDƏ ÖLKƏNİN AVTOMOBİL YOLLARINDA BAŞ VERMİŞ YOL-NƏQLİYYAT HADİSƏLƏRİ İLƏ BAĞLI GÖSTƏRİCİLƏRİN TƏHLİLİ

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, 2024-cü ilin I rübündə Azərbaycanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% və ya 45 vahid az olub. Daha dəqiq desək, cari ilin I rübündə ölkə ərazisində 325, 2023-cü ilin I rübündə isə 370 yol-nəqliyyat hadisəsi baş verib. 2024-cü ilin I rübündə baş verən qəzaların 86,8%-i (282) yaşayış məntəqələrində, 13,2%-i (43) isə magistral yollarda törədilib.

Qeyd edək ki, 2024-cü ilin I rübündə Azərbaycanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin 40,9%-i (133) gündüz, 36,3%-i (118) gecə, 22,8%-i (74) isə toran vaxtı baş verib. Bu qəzaların 25,2%-i (82) həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Əvvəlki illərin göstəricilərinə baxsaq görərik ki, 2023-cü ildə ölkənin avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2022-ci il ilə müqayisədə 1,9% (32) azalaraq 1636-ya bərabər olub.

Aparılan təhlil zamanı məlum olub ki, ölkəmizdə yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların iştirakı ilə baş verib. Son 2 ildə piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin sayında azalma qeydə alınsa da, bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunub.

Açıqlanan rəsmi rəqəmlərə görə, 2023-cü ildə qeydə alınan qəzaların 649-u və ya 39,7%-i piyadaların iştirakı ilə baş verib və bu rəqəm əvvəlki ilin göstəriciləri ilə müqayisədə 5% (35) az olub. Bir neçə avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 2022-ci il ilə müqayisədə 2,4% (15) artaraq 625 olub. Yalnız bir avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrinin sayı isə 2022-ci ildə 374, 2023-cü ildə 3,2% azalaraq 362 olub.

Cari ilin I rübündə baş verən yol-nəqliyyat hadisələrində piyadaların iştirakına gəlincə, cədvəldən də göründüyü kimi hesabat dövründə bu qəbildən olan hadisələrin sayı 137 olub.

Bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə 120 qəza qeydə alınıb və bu, I rübdə qeydə alınan qəzaların 36,9%-ni təşkil edib. Bu göstərici ötən ilin I rübü ilə müqayisədə isə 15,6% və ya 22 vahid azalıb.

Yalnız bir nəqliyyat vasitəsinin iştirakı ilə törədilən qəzaların sayı da ötən ilin I rübü ilə müqayisədə 18 vahid və ya 20,9% azalaraq 68 olub və ümumi yol-nəqliyyat hadisələrinin 20,9%-ni təşkil edib.

2023-cü ildə ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 862 nəfər həyatını itirib, 1367 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzalarda həyatını itirən şəxslərin sayı 2022-ci il ilə müqayisədə 3,4% və ya 28 nəfər çox olub. Xəsarət alan şəxslərin sayı isə 6,1% və ya 89 nəfər az olub.

Cari ilin I rübündə qeydə alınan göstəricilərə gəlincə, yol-nəqliyyat hadisələri nəticəsində yaralanan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% və ya 39 vahid azalaraq 287 nəfərə bərabər olub. Həmin dövrdə qəzalarda həyatını itirən şəxslərin sayı 159 nəfər təşkil edib ki, bu da 2023-cü ilin I rübünə olan nəticələr ilə müqayisədə 8,1% və ya 14 nəfər az olub.

Hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi məlumatlara görə, 2024-cü ilin I rübündə Cənubi Qafqaz ölkələri arasında ən az yol-nəqliyyat hadisəsi Azərbaycanda baş verib.

Aparılan təhlil zamanı məlum olub ki, cari ilin I rübündə Azərbaycanda 325, Ermənistanda 894, Gürcüstanda isə 1136 yol-nəqliyyat hadisəsi baş verib.