FRANSANIN MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNƏ QARŞI AZƏRBAYCANIN LİDERLİYİ İLƏ MÜBARİZƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLANIR

Fransanın müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə özünün yeni mərhələsinə qədəm qoyur. Bu, Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultay kontekstində özünü qabarıq şəkildə nümayiş etdirdi.
Artıq Fransa neokolonializmdən əziyyət çəkən ölkələrin və xalqların həmrəy şəkildə müstəmləkəçiliyə qarşı mübarizə apardıqları müşahidə olunur. Onların təşkilatlanmasında, müstəmləkəçilik probleminin tarixin arxivinə qovuşması üçün fəaliyyətin genişlənməsində Azərbaycan lider mövqe nümayiş etdirir. Bu, artıq dünya miqyasında qəbul olunur. Elə bu kontekstdə Bakıda keçirilən Qurultay mühüm nəticələrlə yadda qaldı. Qeyd edilməlidir ki, iki gün davam edən qapalı müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin – Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər. Beləliklə, Fransa neokolonializminə qarşı mübarizə getdikcə daha mütəşəkkil və çoxşaxəli forma alır.
Proseslər Beynəlxalq Azadlıq Cəbhəsinin müstəmləkəçiliyə qaşı mübarizədə yeni vacib platforma olacağını göstərir. Bu platformanın ən önəmli cəhətlərindən biri də odur ki, müstəmləkəçiliyə qarşı mübarizə aparan digər ölkələrin və xalqların da bura qoşula bilməsi üçün imkanlar yaradılıb. Nəticədə müstəmləkəçiliyin ləğvi uğrunda həyata keçirilən fəaliyyət daha geniş miqyas alacaq. Ümumiyyətlə, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə, Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dünya boyu artan maraq müstəvisində yaxın tezlikdə daha çox sayda koloniyaların bir araya gəlməsi gözlənilir. Çünki bu fəaliyyət koloniyaların üzləşdikləri müstəmləkəçilik əsarətindən xilas olmaları üçün əsas ümid yerinə çevrilir.
Bütün bunlar öz növbəsində müstəmləkəçiliyə qarşı mübarizənin xaotik səviyyədən sürətli şəkildə təşkilati mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu şəraitdə mübarizənin öz məqsədlərinə daha tez çatacağı da şübhə doğurmur. Nəticədə Fransa müstəmləkə imperiyasının qalıqlarının və digərlərinin tezliklə azadlıqlarına qovuşması da qaçılmaz hesab olunur. Azərbaycan üçün əsas məsələ beynəlxalq hüququn təmin olunması, müstəmləkə əsarətində olan xalqların öz azadlığına qovuşmasıdır. Fransanın Ermənistan vasitəsilə və digər yollarla ölkəmizə təsir etməyə, Azərbaycanın öz hüququları uğrunda mübarizə aparan xalqlara dəstəyini dayandırmağa çalışması əbəs cəhddir. Azərbaycan istənilən kənar təsirə müqavimət göstərməyə qadir qüdrətli dövlət olduğunu, hər zaman müstəqil və ədalətə söykənən siyasət apardığını ötən dövr ərzində nümayiş etdirib və bu reallıq artıq dünyada qəbul edilir.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/fransanin-must%c9%99ml%c9%99k%c9%99cilik-siyas%c9%99tin%c9%99-qarsi-az%c9%99rbaycanin-liderliyi-il%c9%99-mubariz%c9%99nin-yeni-m%c9%99rh%c9%99l%c9%99si-baslanir/