AZƏRBAYCANDA ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ƏSAS GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ

MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı 51-dir və bu say son 3 ildə dəyişməz olaraq qalıb. 3 il öncə isə ölkədə 52 ali təhsil ocağı mövcud olub.

2023/2024-cü tədris ilində bu ali təhsil müəssisələrində ümumilikdə 231 437 tələbə təhsil alıb və bu say əvvəlki tədris ili ilə müqayisədə 3,9% və ya 8628 tələbə çox olub. Qeyd edək ki, son 5 tədris ilində hər il tələbələrin sayında artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə ali təhsil müəssisələrində təhsil alanların sayı 23,3% və ya 43 783 nəfər artıb. Ali təhsil müəssisələrinin sayının artmadığı halda, tələbələrin sayında artım qeydə alınması ali təhsil müəssisələrinin qəbul planını artması ilə bağlı olub.

2024/2025-ci tədris ilindən Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyət göstərəcəyini nəzərə alsaq, növbəti ildə tələbə sayının daha da artacağını proqnozlaşdırmaq olar.

Ali təhsil müəssisələrinə qəbul olan və məzun adını qazanan tələbələrin illər üzrə sayına baxsaq, qəbul sayının 2022-ci ildən etibarən nəzərəçarpacaq dərəcədə artdığını görərik. 2022-ci ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı əvvəlki il ilə müqayisədə 9,9% və ya 4536 nəfər çox olub. 2023-cü ildə isə daha 4,7% və ya 2358 nəfər artaraq 52 880 nəfərə çatıb.

Son 5 ildə ali təhsil müəssisələrinə qəbul olan və müvəffəqiyyətlə bitirənlərin sayı hər il artıb. Həmin dövrdə ali təhsil müəssisələrinə qəbul olan şəxslərin sayında 19,3% və ya 8556 nəfər artım qeydə alınıb. 2023-cü ildə 48 421 tələbə məzun adını qazanıb ki, bu da 2022-ci il ilə müqayisədə 5,2% və ya 3262 nəfər çox olub. Ümumilikdə isə son 5 ildə ali təhsilini başa vuran şəxslərin sayı 28,9% və ya 10 859 nəfər artıb.

Son 5 ildə ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı 4,9% və ya 743 nəfər artıb. Azalma yalnız 2021/2022-ci tədris ilində qeydə alınıb. Bu azalma 1,9% və ya 296 nəfər təşkil edib. Azalma pandemiya dövründə tədrisin təşkilinin dəyişməsi ilə əlaqədar ola bilər.

2023/2024-cü tədris ilində isə ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin sayı 15 807 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 4,7% və ya 706 nəfər çox olub.