“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı dərc olunub

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının 2026-cı ilin yaz buraxılışı işıq üzü görüb.

“Housing the World: Safe and Resilient Cities and Communities” başlığı ilə təqdim olunan bu buraxılış BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı ərəfəsində yayımlanıb və dayanıqlı şəhərlərin qurulması, mənzil siyasəti və inklüziv urban inkişaf məsələlərinin beynəlxalq gündəmdə artan əhəmiyyətini əks etdirir. Buraxılışın qonaq redaktoru ADA Universitetinin Urbanistika üzrə dosenti və Jan Monne kafedrasının rəhbəri Anar Vəliyevdir.

Jurnalın bu buraxılışında şəhərsalma siyasətinin gələcəyi, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması, urban transformasiya prosesləri və post-münaqişə dövründə icma quruculuğu kimi məsələlər geniş analitik çərçivədə təhlil edilir. Müəlliflər sürətlə dəyişən qlobal urbanizasiya tendensiyalarını həm beynəlxalq təcrübə, həm də Azərbaycan nümunəsi əsasında qiymətləndirirlər.

Buraxılışın ilk bölməsi “Housing and the Future of Cities” şəhərsalma siyasətinin şəhərlərin gələcəyinin formalaşdırılmasında oynadığı rol araşdırılır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anacláudia Rossbachın “Housing at the Center” məqaləsində mənzil təminatının sosial dayanıqlılıq və inklüziv inkişaf baxımından strateji əhəmiyyəti təhlil olunur. Silja Tillnerin “Inclusive Neighborhoods: Lessons from Vienna” yazısında isə Vyana təcrübəsi əsasında inklüziv şəhər planlaşdırmasının əsas prinsipləri dəyərləndirilir.

“Housing Policy in Baku and Azerbaijan: Decades-Long Transformation” bölməsi Azərbaycanda mənzil və şəhərsalma siyasətinin transformasiyasına həsr olunub. Bayram Axundov və Leyla Seyfutdinovanın “Urban Redevelopment and Heritage from Below” məqaləsində urban yenidənqurma proseslərinin tarixi irsin qorunması ilə əlaqəsi araşdırılır. Emir Hüseynovun “Cities for Living” yazısında insan mərkəzli şəhər konsepsiyası və müasir urban idarəetmə yanaşmaları təhlil edilir.

Bakıda əlçatan yaşayış məsələləri də ayrıca diqqət mərkəzində saxlanılıb. Carl Haddrell və Aysel Kərimlinin “Affordable Housing in Baku” məqaləsində paytaxtda mənzil əlçatanlığı problemi və mümkün siyasət həlləri qiymətləndirilir. Deniz Ozge Aytaçın “Beyond Housing Provision for Baku” yazısında isə şəhər inkişafının yalnız yaşayış təminatı ilə məhdudlaşmayan daha geniş sosial və urban aspektləri araşdırılır.

Buraxılışın “The Great Return to Karabakh” bölməsi Qarabağda bərpa və yenidənqurma proseslərinə həsr olunub. Leyla Həsənovanın “Housing Resilience Through Identity-Driven Design” məqaləsində kimlik və mədəni yaddaşa əsaslanan memarlıq yanaşmalarının icma dayanıqlılığının formalaşdırılmasındakı rolu təhlil edilir. Lala Jumayeva, Fidan Namazova və Anar Vəliyevin birgə qələmə aldıqları “Building Sustainable and Resilient Communities” yazısında isə azad edilmiş ərazilərdə dayanıqlı yaşayış məkanlarının qurulması məsələləri araşdırılır.

“Baku Dialogues” jurnalının bu buraxılışı şəhərlərin gələcəyi, sosial inklüzivlik və dayanıqlı urban inkişaf məsələlərinə dair beynəlxalq və regional baxışları bir araya gətirərək regionda urban siyasət müzakirələrinə mühüm töhfə verir.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.idd.az səhifəsinə daxil ola bilərsiniz.