İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda çıxış edib.
“Enerji təhlükəsizliyi və bağlantılar” mövzusuna həsr olunan sessiyada V.Qasımlı regionda həyata keçirilən irimiqyaslı layihələr, bərpaolunan enerji təşəbbüsləri, Cənub Qaz Dəhlizi və Orta Dəhlizin Avrasiya məkanında iqtisadi və strateji inteqrasiyaya təsirini şərh edib. O bildirib ki, Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin təşəbbüskarıdır və bu, regionumuzda geoiqtisadi inqilab hesab olunur. V.Qasımlı qeyd edib ki, Azərbaycan bu sinxron marşrut boyunca infrastrukturun yenilənməsinə rəhbərlik edir: “Lakin biz anlayırıq ki, hər bir zəncir ən zəif halqası qədər möhkəmdir. Buna görə də infrastrukturun sinxron şəkildə yenilənməsi çox vacibdir”.
İİTKM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycan nəqliyyat və logistika bağlantılarının inkişafını öz iqtisadi strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirir: “Azərbaycan bağlantıların inkişafına böyük vəsait yatırır. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təxminən 15 milyon ton ötürmə qabiliyyəti ilə bu gün Xəzər sahilində ən böyük limandır. Keçən il Prezident İlham Əliyev onun gücünün ildə 25 milyon tona qədər artırılmasını tapşırıb”, – V.Qasımlı vurğulayıb. O əlavə edib ki, limanın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycana əsas tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməyə, regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmağa imkan verəcək.
Sessiyada Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropanı birləşdirən yeni regional layihələrdən bəhs edilib, Azərbaycanın enerji, logistika və qoşulma üzrə artan regional mərkəz rolu xüsusi vurğulanıb. Həmçinin dövlət–özəl tərəfdaşlıqlarının və beynəlxalq maliyyə institutlarının yaşıl keçidin sürətləndirilməsi, ağıllı logistikanın inkişafı və region üzrə rəqəmsal əlaqəliliyin artırılması üçün imkanlar təhlil edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Forumda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi” və digər mövzular müzakirə olunub. Forumda dövlət və hökumət nümayəndələri, Azərbaycanın aparıcı beyin mərkəzlərinin, həmçinin ABŞ-ın “Atlantic Council”, “New Lines Institute”, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzlərinin rəhbərləri fikir mübadiləsi aparıblar.



