Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universiteti Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub və dövlət suverenliyi, milli konstitusiyaların rolu, qlobal çağırışlar və beynəlxalq hüququn müasir tendensiyaları kimi aktual mövzulara həsr olunub.
Konfransda ilk çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, Azərbaycan uzun illər ərzində hüquqi müstəvidə qorunan ərazi bütövlüyünü artıq faktiki reallığa çevirmişdir:
“Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Qanunda ‘ərazilər toxunulmazdır’ yazılsa da, reallıqda 20 faiz torpaqlarımız işğal altında idi. De-yure onlar vardı, de-fakto mövcud deyildi.
O dövrdə Konstitusiyamız pozulmuş milli hüquqlarımızın simvoluna çevrilmişdi. Lakin bu gün Konstitusiyamızda əks olunan ‘Azərbaycan vahid və bölünməz dövlətdir’ müddəası artıq torpaqlarımızda qanla möhürlənib. Bu Zəfər qanunu şəhidlərimizin canı ilə təsdiqlənib. Biz müasir hərbi texnologiyalardan öncə hüquqla silahlanmışdıq və qələbəmizin əsas səbəbi haqlı olmağımız idi,” – deyə Zahid Oruc bildirib.


Konfransda çıxış edən Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru Laszlo Vasa vurğulayıb ki, suverenlik Avropa İttifaqı ölkələrində mənalı və legitim iştirak üçün konstitusiya çərçivəsi rolunu oynayır:
“Ənənəvi olaraq suverenlik bir ərazidə mütləq hakimiyyət deməkdir. Lakin bu günün qarşılıqlı əlaqəli dünyasında bu anlayış həm avtonomiya, həm də əməkdaşlıq prinsiplərini əhatə edən məsuliyyətli bir konsepsiyaya çevrilib. Macarıstanın təcrübəsi göstərir ki, dövlət beynəlxalq əməkdaşlığa açıq ola bilər, eyni zamanda suverenliyini konstitusiya çərçivəsində qoruya bilər. Əməkdaşlıq asılılıq demək deyil,” – deyə o qeyd edib.


Qətər Dövləti Milli İnsan Hüquqları Komitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoru Həməd Əl-Hacri isə çıxışında bildirib ki, beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq suverenliyə xələl gətirmir, əksinə, onu daha da gücləndirir:
“Qətər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərkən milli dəyərlərini və mədəniyyətini qorumağı prioritet sayır. XXI əsrdə suverenlik yalnız hüquqi anlayış deyil, həm də dəyərlər, institutlar və texnologiya üzərində qurulan güc modelidir. Biz milli kimliyimizi qorumaqla yanaşı, insan hüquqlarının müdafiəsinə, etimadın və ədalətin gücləndirilməsinə töhfə veririk,” – deyə o qeyd edib.
O həmçinin Qətərin “Milli İnkişaf Strategiyası – 2030” çərçivəsində suverenlik və insan hüquqlarının uzlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Konfransda yerli və xarici ekspertlər, alimlər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində müasir dövrdə dövlət suverenliyinin qorunması, konstitusional islahatlar və beynəlxalq hüququn yeni istiqamətləri mövzularında geniş fikir mübadiləsi aparılıb.


