İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda çıxış edib. O, “Yaşıl enerji Türk dünyasında sabitlik və təhlükəsizliyin sütunudur” mövzusunda təqdimatında enerji müstəqilliyinin əhəmiyyətini vurğulayıb.
V.Cəfərova bildirib ki, enerji müstəqilliyi müasir dövrdə dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Enerji yalnız iqtisadiyyatın lokomotivi deyil, eyni zamanda, cəmiyyətin gündəlik həyatının, istehsalatın, nəqliyyatın, rabitənin və sosial rifahın əsas dayaqlarından biridir. Onun sözlərinə görə, tarix göstərir ki, dünyada baş verən müharibələrin əksəriyyəti enerji mənbələri və nəqliyyat marşrutlarına nəzarət uğrunda aparılıb. Bu, enerji təhlükəsizliyinin yalnız iqtisadi məsələ deyil, həm də siyasi, strateji və geosiyasi bir amil olduğunu sübut edir. Neft, qaz və digər strateji resurslar üzərində nəzarət bölgələrdə güc balansını dəyişdirir, dövlətlərin xarici siyasət kursuna ciddi təsir göstərir.
TDAM rəhbəri vurğulayıb ki, transsərhəd bərpa olunan enerji dəhlizlərinin inkişafı, enerji bağlantılarının qurulması və birgə investisiya layihələri kimi yaşıl enerji təşəbbüsləri TDT regionunun gələcək sabitliyinin və inteqrasiyasının formalaşmasında həlledici rol oynayacaq. O həmçinin qeyd edib ki, həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində regional lider olan Azərbaycan bu gündəliyin həyata keçirilməsində mühüm aparıcı mövqeyə malikdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən konfransda TDT-yə üzv və müşahidəçi dövlətlərdən tanınmış alimlər, politoloqlar və rəsmi şəxslər iştirak edirlər. Konfransda çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıq imkanları müzakirə edilir. Tədbir təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
