Azərbaycanın proqram idarəetmə modeli Çində təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov Çinin Maliyyə Nazirliyinin nüfuzlu Xiamen Milli Mühasibatlıq İnstitutunda keçirilən “Komplayens və şəffaflıq” mövzusunda beynəlxalq seminarda çıxış edib. O, dövlət proqram idarəetməsində Azərbaycanın monitorinq və qiymətləndirmə institutu barədə təqdimatla çıxış edib.

Ayaz Museyibov bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün dövlət proqramları rəqəmsal platformalar üzərindən – həm indikator əsaslı, həm də layihə əsaslı izləmə mexanizmləri ilə monitorinq olunur. Bu, idarəetmədə effektivliyi, səmərəliliyi və ölçülə bilən nəticələri yüksəldir.

O vurğulayıb ki, İİTKM-də qurulan proqram idarəetməsi, monitorinq və qiymətləndirmə sistemlərində Dördüncü Sənaye İnqilabının ən qabaqcıl texnologiyalarından istifadə olunur. Azərbaycan şəffaf idarəçilik və uyğunluq sistemlərinin qurulması istiqamətində mühüm nailiyyətlər əldə edib. Xüsusən e-hökumət platformalarının yaradılması, şəffaf ictimai xidmətlərin təşkili, həmçinin hesabatlılıq və səmərəliliyi təmin etmək üçün aparılan maliyyə islahatları bu uğurlara daxildir.

Ayaz Museyibov həmçinin Çində müxtəlif dövlət qurumlarının nümayəndələri üçün təşkil olunan təcrübə mübadiləsi proqramının əhəmiyyətinə toxunub, Xiamen Milli Mühasibatlıq İnstitutu ilə daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb, iştirakçıları Azərbaycanda qurulan ən qabaqcıl monitorinq və qiymətləndirmə institutunun təcrübəsindən yararlanmağa dəvət edib.