STM İdarə Heyətinin sədri və sektor müdirləri Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində olublar

 Sosial Tədqiqatlar Mərkəzi həm ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə, həm də Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələrək, vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı mütəmadi monitorinqlər aparır. 

 

Monitorinq keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarını (qurumlarını) əhatə edir. Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölmələrinə istinad edilib.

 

Zənglərin qeydə alınma müddətinə gəlincə, zənglərə cavab verilənədək gözləmə müddəti operatorun səsindən sonra siqnal səsi ilə dəstəyin qaldırılması arasındakı vaxtla, həmçinin cavablandırılmamış zənglər üzrə gözləmə müddəti operatorun səsindən sonra siqnal səsi ilə dəstəyin asılması arasındakı intervalla müəyyən edilib. Zənglərə birbaşa cavab vermə üzrə gözləmə müddəti siqnal səsi ilə cavablandırma arasındakı vaxt, cavab verilməmiş zənglərdə isə siqnal səsi ilə dəstəyin asılması arasındakı vaxt ilə müəyyən edilib. Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.
Monitorinq nəticələrinin təhlili əksər qurumların qaynar xətlərinin fəaliyyətini operativ qiymətləndirməyə imkan verir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan əvvəlki monitorinqlərin nəticələrinə uyğun olaraq, bəzi qurumların stasionar əlaqə vasitələrini yeniləri ilə əvəz etməsi və hazırda operativ fəaliyyət göstərməsi xüsusi qeyd edilməlidir.

 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Mərkəzin sektor müdirləri Aygün Yusibova, İlyas Hüseynov və Tural İsmayılov Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində olublar. Ədliyyə nazirinin müavini Toğrul Hüseynov qeyd edib ki, müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib. Fəaliyyətinə 2022-ci ildən başlayan Çağrı Mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sosial Tədqiatlar Mərkəzi tərəfindən bu sahədə aparılan monitorinqlərin Nazirlik üçün əhəmiyyətinə toxunan nazir müavini bildirib ki, yenilənmiş Mərkəz ən müasir texnoloji avadanlıqlarla – o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.

 

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir. Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Avqust ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, qeydiyyat, penitensiar, probasiya  və digər aidiyyəti sahələr üzrə daxil olan 12.599 müraciətdən 12.078-i cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 87 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 42 saniyə ərzində cavab verilib. Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətlərinin tətbiqi vətəndaşların Nazirliyə  əlçatanlığını asanlaşdırıb. Bu xidmətlər vasitəsilə ay ərzində 521 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 369 vətəndaşın suallarının cavablandırılması təmin edilib.

 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Mərkəzlə tanışlıq üçün yaradılan şəraitə görə ədliyyə naziri Fərid Əhmədova təşəkkürlərini çatdırıb.

 

Çıxışında Zahid Oruc Çağrı Mərkəzinin tamamilə yenidən qurulmasını dövlət idarəçiliyində mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, vətəndaş müraciətlərinə operativ, obyektiv və şəffaf reaksiyanın təmin olunması hüquq və ədalət prinsiplərinin daha yüksək səviyyədə icrasına xidmət edir.

 

Millət vəkili bildirib ki, son illər məhkəmə və notariat sistemində həyata keçirilən genişmiqyaslı islahatlar, elektron xidmətlərin tətbiqi və rəqəmsallaşma cəmiyyətin gündəlik həyatına mühüm təsir göstərib. O, bu islahatların nəticəsində vətəndaşların dövlətə etimadının daha da möhkəmləndiyini vurğulayıb. Qanunvericilik prosesində xüsusi icra qurumunun yaradılması, məhkəmə qərarlarının icrasının şəffaflaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması üçün atılan addımlar nümunəvi xarakter daşıyır. Onun fikrincə, bu istiqamətdə görülən işlər dövlət idarəçiliyinin çevikliyini və səmərəliliyini artırır.Zahid Oruc həmçinin hərracların tam açıq və şəffaf keçirilməsi üçün vahid elektron platformanın yaradılmasını yüksək qiymətləndirib. O, qeyd edib ki, bu platforma həm vətəndaşların, həm də sahibkarların maraqlarını qoruyacaq, iqtisadi mühitdə sağlam rəqabətə zəmin yaradacaq.

 

Zahid Oruc Çağrı Mərkəzinin yeni binasında yaradılan şəraiti də xüsusi olaraq dəyərləndirib. Onun sözlərinə görə, vətəndaş müraciətlərinə vaxtında cavab verilməsi və operativ reaksiyanın təmin olunması dövlətlə cəmiyyət arasında etibarlı körpünün formalaşdırılmasına xidmət edir.

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri qeyd edib ki, bütün bu addımlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların tərkib hissəsidir və Azərbaycanda ədalət mühitinin daha da gücləndirilməsinə xidmət edir. STM-in sektor müdirləri Aygün Yusibova, İlyas Hüseynov və Tural İsmayılov da Çağrı Mərkəzində yaradılan imkanları yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, bu kimi təşəbbüslər dövlət orqanlarının ictimai etimadını gücləndirir, idarəçilik mədəniyyətində yeni standartlar yaradır.

 

Sonda Sosial Tədqiqatlar Mərkəzi və Ədliyyə Nazirliyi arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.