İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfər ediblər. Səfər çərçivəsində Strategiyada nəzərdə tutulan tədbirlərə və uğurla icra olunan layihələrə yerində baxış keçirilib.
Nümayəndə heyətinə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərenerji”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da daxildir.
Səfər çərçivəsində Ağdərə rayonunda Sərsəng su anbarı, Laçın rayonunda Zabuxçay su anbarı (bənd və əsas hidrotexniki qurğuların tikintisi), “Aşağı Malıbəy” və “Şeylanlı” su elektrik stansiyalarının tikintisi, Zəngilan rayonunda Qız Qalası su anbarı, artezian quyuları və yerli bulaqların bərpası, içməli su xətlərinin çəkilişi, Araz çayı boyunca sahilbərkitmə işləri – daşqın və sel risklərinin azaldılması, kəhriz bərpa işləri (yeni quyular, təmizlənmə və istifadəyə verilmə), Cəbrayıl rayonunda Xudafərin su anbarı ərazilərində görülən işlərə baxış keçirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Milli Strategiya çərçivəsində tədbirlər proqrama uyğun icra olunur, regionun su təchizatı ilə bağlı görülən işlər uğurla davam etdirilir.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, bu sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Strategiyanın icrası çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, su təhlükəsizliyinin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə prioritet istiqamətləri üzrə tədbirlər uğurla icra olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
