İİTKM-in şöbə müdiri beynəlxalq “ EFE 2024” konqresində təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəznində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində 24-26 oktyabr tarixlərindən hibrid formatda keçirilən 6-cı Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresində (EFE 2024) təqdimatla çıxış edib. Təqdimat “Orta Dəhlizin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın artmasındakı rolu” mövzusunda olub.

V. Cəfərova təqdimatında Orta Dəhlizin Avrasiya ilə Avropa arasında enerji və nəqliyyat daşımaları üçün mühüm bir əlaqə qurduğunu və bu dəhlizin Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri, xüsusən də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında inteqrasiyanı artıran və iqtisadi əməkdaşlığı inkişaf etdirən mühüm bir alət olduğunu qeyd edib. Eyni zamanda Orta Dəhlizin regionda yalnız iqtisadi deyil,  ticarət, enerji tranziti və təhlükəsizlik sahələrində əməkdaşlığı asanlaşdıran əsas element olduğu vurğulanıb.

“EFE 2024” Konqresi Türkiyənin Fatih Sultan Mehmet Universiteti, Qazaxıstanda yerləşən Əhmət Yasəvi Universiteti, Azərbaycanın İqtisad Universiteti və İqtisadiyyat, Maliyyə və Enerji Assosiasiyasının təşkilatçılığı ilə Türk dünyasının iqtisadiyyat, maliyyə və enerji sahəsində fəaliyyət göstərən tədqiqatçılarını bir araya gətirərək aktual məsələlərin müzakirəsi məqsədilə keçirilir.