İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) onlayn konfransında təqdimat edib. O “Kiçik və orta sahibkarlar üçün yüksək ixrac potensialına malik bazarların diaqnostikası və təhlili” mövzusunda tədbirdə “İxracın diversifikasiyası və sofistikasiyası”ndan danışıb. İİTKM-in şöbə müdiri təqdimatında ixracın şaxələndirilməsi ilə əlaqədar siyasətlər, təmərküzləşmə müşahidə edilən iqtisadiyyatlar, ixrac diversifikasiyasını müəyyən edən amillər və hesablama metodları, sofistikasiya siyasəti tətbiq edən ölkələr və onların reytinqləri haqqında məlumat verib.
Tədbirdə həmçinin Malaziyanın İnvestisiya, ticarət və sənaye nazirliyi və Türkiyənin Ticarət nazirliyinin rəsmi şəxsləri təqdimatlarla çıxış edərək KOB-ların inkişafını şərtləndirən mövzular ətrafında müzakirələr aparıblar.
Tədbirin məqsədi İƏT ölkələrində qadınların və gənc sahibkarların səlahiyyətlərinin artırılmasına xüsusi diqqət yetirməklə yüksək ixrac potensialına malik bazarların diaqnostikası və təhlili zamanı kiçik və orta müəssisələrin üzləşdiyi əsas problemləri həll edən anlayışları təqdim etməkdir. Təlimdə həmçinin iştirakçılara bazar təhlili üçün alternativ alətlər və metodologiyalar izah olunub.