AVROPA İTTİFAQI MÜLKİ MİSSİYA VASİTƏSİLƏ YENİDƏN AZƏRBAY­CAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLHƏ ƏNGƏL YARADIR

Azərbay­can və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına, əməkdaşlıq münasibətlərinin qurulmasına xarici qüvvələr tərəfindən hələ də əngəllər yaradılır. Belə qüvvələr Ermənistandan bir vasitə kimi istifadə edərək, Cənubi Qafqazda ziddiyyətli atmosferin hökm sürməsinə, qarşıdurmaların yaranmasına cəhd edirlər. Onların təhriki ilə hərəkət edən Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında lazımı qətiyyət nümayiş etdirmir. Əksinə, kənar qüvvələrin məkrli niyyətlərinin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Hazırda iki ölkə arasında sülh əldə olunmasına maneə olan hallardan biri də Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasıdır. Halbuki, son proseslər bu missiyanın fəaliyyətinin dayandırılmasını labüd edir. Xüsusən də o kontekstdə ki, Ermənistanla Azərbay­can arasında sərhədlə­rin delimitasiya prosesi üzrə reqlament razılaşdırılıb. Tərəflər qarşılıqlı anlaşma şəraitində prosesin  ikitərəfli əsasda davam etməsinə razılıq veriblər.

Azərbaycan əvvəldən sərhədlərin müəyyən olunması, sülh müqaviləsinin imzalanması, qarşılıqlı münasibətlərin qurulmasının məhz ikitərəfli danışıqlar əsasında, vasitəçilər olmadan aparılmasını istəyib. Bu mövqe Ermənistan tərəfindən də qəbul olunur. Konkret sərhədə gəlincə, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirir ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilər olmadan aparılmalıdır: “Əgər biz suveren dövlətiksə, Azərbaycanla vasitəçisiz danışıqlar aparmalıyıq”.

Azərbaycanın Ermənistana hər hansı ərazi iddiası olması ilə bağlı yaradılan miflərin heç bir əsasının olmadığı da artıq erməni cəmiyyətində getdikcə daha çox etiraf olunur. O da vurğulanır ki, ermənilərə bu xüsusda müxtəlif yalanlar təlqin olunub və indi də bu istiqamətdə cəhdlər var. Lakin Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Xaçatur Sukiasyan qeyd edir ki,  Azərbaycandan Ermənistana qarşı hər hansı müharibə təhlükəsi və digər təhdid yoxdur: “Azərbaycanın rəsmi bəyanatlarında “ərazi bütövlüyü və suverenlik” anlayışı var”. Erməni cəmiyyətində eyni mövqedə olanların sayı yetərincədir.

Bütün bunlar Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətinə də son qoyulması üçün bütün şərtlərin mövcud olduğunu göstərir. Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar, qarşılıqlı anlaşma şəraitində görülən işlər monitorinq missiyasının fəaliyyətinə son qoyulmasını şərtləndirir.  Bu missiyanın fəaliyyətinin dayandırılması artıq zərurətdir və bu, sülh prosesi üçün də mühüm töhfə olardı.

Ancaq proseslərin gedişi göstərir ki, Avropa İttifaqında maraqlı qüvvələr missiyanın fəaliyyətini davam etdirməkdə maraqlıdırlar. Ermənistan da sülhdən bəhs etməsinə baxmayaraq, belə qüvvələrin təsiri altında missiyanın pozucu xarakterli fəaliyyətinin davam etdirməsinə şərait yaradır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, Avropa İttifaqı barəsində bəhs olunan missiyanın mandatın uzadılması məsələsini yenidən ciddi şəkildə nəzərdən keçirir. Onun sözlərinə görə,  Ermənistan bunu dəstəkləyir. Ermənistan parlamentinin sədri Alen Simonyan da vurğulayır ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalanana qədər Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının ölkəsində olacağına ümid edir.

Halbuki, Ermənistan ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycanla sülh və əməkdaşlıq üçün mühüm razılaşmalar əldə olunub. Ermənistan baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin “Outreach” / “BRİKS+” formatının ilk plenar iclasında çıxışında qeyd edib ki, Ermənistan və  Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək prinsipinə riayət edilməsi, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması ilə bağlı məsələləri artıq tam şəkildə razılaşdırıb.

Belə şəraitdə üçüncü tərəfin, o cümlədən Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyasının prosesə müdaxiləsinə ehtiyac yoxdur. Həm də nəzərə alınmalıdır ki, bu missiya Azərbaycan, həmçinin Rusiya və İran barədə kəşfiyyat məlumatları toplayıb Ermənistanla razılaşdırılmadan maraqlı dairələrə ötürür. Bu və digər hallar sözügedən missiyanın pozucu fəaliyyətinin təzahürüdür və onun fəaliyyətinə son qoyulması artıq zəruri şərtdir.

Ermənistan bu reallığı nəzərə almalı, həqiqi sülh üçün barəsində bəhs olunan missiyanın fəaliyyətini dayandırmalıdır. Bu ölkə rəsmiləri də etiraf edirlər ki, Azərbaycandan Ermənistana heç bir təhdid yoxdur. Belə vəziyyətdə pozucu fəaliyyətlə, “binokl diplomatiyası” ilə məşğul olan missiyanın fəalliyətinə də heç bir lüzum qalmır. Sülh məsələsində sözü ilə əməlinin düz gəlməsi üçün Ermənistan missiyanın fəaliyyətinin dayandırılması məqsədilə artıq müvafiq addımlar atmalıdır.