Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlığı yüksək səviyyədə baş çatdırması ölkəmizin qlobal iqlim probleminin həllinə töhvə vermək siyasətindən irəli gəlir. Digər tərəfdən bu tədbir Azərbaycanın bu çərçivədə beynəlxalq iqlim məsələlərində fəal iştirakını, Prezident İlham Əliyevin dünya səviyyəsində ekoloji problemlərə həssas münasibətini və ölkəmizin qlobal proseslərdə daha böyük rol oynamaq niyyətini nümayiş etdirir.
Azərbaycanın keçirəcəyi COP29 sammitinin əhəmiyyətini artıran əsas məsələlər ondan ibarətdir ki, bu tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizədə tarixi önəm kəsb edəcək 60 qərarın qəbul edilməsi gözlənilir. Əsas diqqət iqlim maliyyəsi və karbon bazarlarının formalaşması ilə bağlı qərarların qəbuluna yönələcək. Azərbaycan ilk dəfə bu sammitin keçirildiyi günlərdə bütün dünyada “COP atəşkəsi” təşəbbüsü ilə çıxış edib və 130 ölkəsi bunu dəstəkləyib. Daha bir mühüm addım COP tarixində ilk dəfə məhz Bakı sammitində hərbi əməliyyatların iqlimə zərər verən, atmosferdə zərərli tullantıların artmasına səbəb olan fəaliyyət növü kimi təsnif olunmasının nəzərdə tutulmasıdır.
Prezidentin köməkçisi Anar Ələkbərovun açıqlamasına görə, Təşkilat Komitəsi qısa müddətə, cəmi 9 aya dünya forumuna hazırlığı uğurla başa çatdırıb. Tədbirin keçiriləcəyi məkanlarda yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizlik sistemi, enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən götürülməsi, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlər baxımından Azərbaycan yenə də nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirib.
Anar Ələkbərov onu da bildirib ki, tədbir zamanı şəhər həyatının maksimum dərəcədə adi formada davam etdirilməsi diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev qəti şəkildə mərkəzi küçələrin tam bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təkliflərinə qarşı çıxıb, yalnız sammitin dövlət və hökumət başçılarının qatılacağı liderlər günündə təhlükəsizlik baxımından nəqliyyatın hərəkətinə müəyyən məhdudiyyətlərin qoyulması nəzərdə tutulub. Bu da o deməkdir ki, qlobal tədbir günlərində belə vətəndaşlar rahat hərəkət imkanlarına malik olacaqlar.
Son açıqlanana rəqəmlərə görə, COP 29 sammitini işıqlandırmaq üçün dünyanın müxtəlif media orqanlarından 2700-ə yaxın jurnalist artıq qeydiyyatdan keçib. Bu həm Bakının təşkilatçılığı ilə keçirilən sammitin, həm də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə həsr etdiyi yeni strategiyaların dünyada böyük maraqla qarşılandığını göstərir.
COP 29-a hazırlıq prosesinin uğurla başa çatdırılması, Azərbaycan hökumətinin bu tədbirlə bağlı nümayiş etdirdiyi məsuliyyəti və yüksək səviyyəli təşkilati qabiliyyətini göstərir. Buraya hökumət qurumları arasında koordinasiya, texniki hazırlıq və sammitə təqdim ediləcək milli iqlim layihələrinin hazırlanması daxildir.Digər tərəfdən Azərbaycan COP29-a hazırlıq prosesində beynəlxalq təşkilatlar, regional tərəfdaşlar və digər dövlətlərlə əməkdaşlığı da yüksək səviyyədə yerinə yetirib. Bununla o, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini önə çıxarıb və bu məsələdə lider ölkələrdən biri olmaq niyyətini göstərib.
Azərbaycan COP29-la qlobal iqlim səylərinə böyük töhfə verəcək